среда, 7 сентября 2011 г.

Konfederasiya utopiyası


SSRİ yaradılanda Azərbaycan guya ora müstəqil dövlət adı ilə daxil olmuşdu, amma ordan çıxmaq istəyəndə 1990-cı ilin yanvarında Azərbaycan xalqının qanını tökdülər.  Məlum oldu ki, bu birləşmədə heç bir könüllülük-filan olmayıb.
İndi də bəzi insanlar gündəmdə qalmaq və ya gündəmə düşmək üçün, yaxud da  hansısa gizli məqsədlərə xidmət etdikləri üçün Azərbaycanın Türkiyə ilə konfederasiya yaratmasından danışırlar. Bu utopik ideyanı dilə gətirəndə hansı məqsədi güdürlər özləri bilər, amma düşünmürəm ki, bu gün Azərbaycan xalqı hər hansı xarici dövlətlə konfederasiya halında birləşmək arzusundadır. Bu mümkün olan iş deyil. Bu ölkə müstəqil olmalıdır. Bu dövlətin Konstitusiyada yazılmış bir dövlət forması var: Unitar dövlət. Azərbaycan  nə federasiya ola bilər, nə də konfederasiya. Xalq buna yol verməyəcək. Şübhəsiz ki, bunu həmin adamlar özləri də bilirlər, sadəcə nəsə demək xatirinə deyirlər, yazırlar. Amma hansısa xarici dövlətdə dostları olmaq, əlaqələri olmaq xalqın və dövlətin maraqlarını həmin əlaqələrə  uzlaşdırmaq haqqı vermir. Hansısa dövlətlə birləşmək, konfederasiya qurmaq kimi utopik ideyalar ictimaiyyət arasında “Azərbaycan tək yaşaya bilməz” kimi fikirlərə yol açır, bu kimə xidmət edir? Dövlətçiliyə xidmət etmədiyi məlumdur.  Azərbaycan xalqı nə qədər varsa bu  dövlət də  heç kimlə birləşmədən müstəqil və bitərəf dövlət olaraq qalmalıdır.  Bir vaxtlar Çinə, İrana atom bombası atan utopik və avantürsitlərin nə deməsindən asılı olmayaraq Azərbaycan Respublikası  heç bir dövlətlə birləşmədən, heç kimin əsarəti altına düşmədən öz daxili və xarici siyasətini yürütməlidir.  Kim Türkiyədə yaşamaq istəyirsə yolu açıq olsun, amma Türkiyədə yaşamaq istəməyənlər də var, onları da düşünmək lazımdır.

Xanlar Xoca

Комментариев нет:

Отправить комментарий